четверг, 16 августа 2018 г.

"Otel Kaliforniya" və Nəcib Fazil - Xatirə Nurgül

Şeiri çox sevirəm. Fikrimcə, dünyanı xilas edəcək gözəlliklərdən biridir şeir. Hə, dostum, şeir yaddaşını vərəqləyir, xatirələrini dilləndirir, səni sən edir (insan məhz xatirələri ilə bütövdü). Boz-bulanıq fikirlərdən arındırır beynini. Düşüncələrini gəmirən yalquzağın sərt üzündən uzaqlaşdırır. Ona görə də için qaraldısa, şeir oxu, kədərlisənsə, şeir oxu, heç nə düşünmək istəmirsənsə, yenə şeir oxu...
Bu cümlələri yazan zaman çox sevdiyim türk şairi Nəcib Fazili düşünürəm, Nəcib Fazili və onun "otel odaları"nı.
Bir merhamettir yanan, daracık odaların,
İsli lambalarında, isli lambalarında.
Oteldəki kiçik otaqda nəhayətsiz kədərinə sığınan, bohem həyat tərzinə uyğunlaşsa da, hətta ətrafındakı közərən lampalardan da mərhəmət gözləyən şəxsin şeiridir bu. Sanki batmış gəminin sağ qalmış sonuncu sərnişininin sığındığı limandır bu otaq.

четверг, 24 мая 2018 г.

Bahar sindromu

Rəssam - Vicente Romero Redondo

Bir az darıxmaq var,
bir az yuxu yoxdu.
bir az ağlamaq var,
bir az ümid yoxdu.
Bir az sükut var.

Sükut var.

Pəncərəyə gözünü dikib,
səhəri gözləyən baxışlar da var,
yağış yoxdu.
Qaranlıqda küçədən keçən,
harasa uzanıb gedən yol da var,
məsafə yoxdu.

суббота, 12 мая 2018 г.

Umberto Ekodan sitatlar


Müasir dövrün ən nəhəng yazıçılarından biri olan Umberto Ekonun 48 yaşında yazdığı “Qızılgülün adı” romanı ona dünya şöhrəti gətirmişdir. Buna qədər o kiçik hekayələr yazırdı. Bundan başqa fəlsəfə, incəsənət və ədəbiyyat nəzəriyyəsi, linqvistika və semiotika üzrə iki yüzdən artıq elmi əsərin müəllifi idi. Eko Oksfordda, Harvardda Kolumbiya universitetlərində dərs demiş, bundan başqa SSRİ də daxil olmaqla Şərqi Avropa ölkələrində seminarlar aparmış, mühazirələrlə çıxış etmişdir. Sonuncu romanı “Sıfırıncı nömrə”ni isə 2015-ci ildə dərc etmişdir.
***
Umberto Ekodan televiziya, sosial şəbəkələr və patriotizmlə bağlı sitatlar
Mən televiziyanı sevirəm və güman edirəm ki, dünyada televizora baxmağı xoşlamayan ciddi insan yoxdur. Sadəcə olaraq ola bilər, mən bunu etiraf etməkdən qorxmayan yeganə şəxsəm.

среда, 31 января 2018 г.

Xatirə Nurgül - Həyatı zənginləşdirmək cəhdi (esse)

İndiana Consun macəralarından bəhs edən filmlər toplusunu izlədikdən sonra xəzinə axtarışına yollanmaq fikri günlərlə beynimi məşğul edir, amma mən heç bir nəticəyə varmadan unudulurdu. Bu qəbildən olan digər filmlər və kitablar da məndə eyni effekti yaradırdı: xəzinəyə aparacaq yolların xəritəsini tapmaq, maneələri, çətinlikləri aşaraq gedib məkana çatmaq, xəzinəyə qovuşmaq... Məqsəd uğrunda yaşamaq əla hissdir; şüuraltı olaraq nə vaxtsa öz məramına nail olacağına əminsən və bu sənə həm güc-qüvvə, həm də stimul verir.
İllər ötdü, zaman dəyişdi və mən anladım ki, arzulara qovuşmaq üçün konkret məqsədlə yaşamaq yetərli deyil. Burada bəxtin, şansın da özünəməxsus rolu var. Amma bu cür fatalist düşüncə tərzi ilə nəinki xəzinə tapmaq olardı, heç o haqda düşünməyə də dəyməzdi. Və mənim kədər içərisində, xəzinə haqqındakı zəngin xəyallarımın əriyib getməsini izləməkdən başqa yolum qalmadı...

суббота, 27 января 2018 г.

İosif Brodskinin nitqindən fraqmentlər

İosif Brodskinin 1988-ci ildə Miçiqan Universitetinin məzunları önündəki məşhur nitqindən fraqmentlər


1. Lüğətinizi genişləndirməyə və onunla bank hesabınız kimi rəftar etməyə çalışın. Ona daha çox diqqət ayırın və qazancınızı böyütməyə istiqamətlənin. Burada məqsəd sizin öz bəlağətinizi evdə və ya professional uğurlarınız yönündə inkişaf etdirmək (amma əlbəttə ki, bu da mümkündür), ya da kübar ağıllıya çevrilmək deyil. Məqsəd sizə özünüzü daha geniş səpkidə və dəqiq ifadə etmək imkanı yaratmaqdır; bir sözlə məqsəd sizin tarazlığınızdır.

пятница, 26 января 2018 г.

Həyatı yaxşılığa doğru dəyişəcək dörd yaradıcı tapşırıq

Culiya Kemeronun “Başlamaq üçün ən yaxşı zaman” kitabından

Amerikalı jurnalist, rejissor və yazıçı Culiya Kemeron hər bir şəxdə yaradıcı potensialın kəşf olunması barədə çox sayda kitabın müəllifidir. Kemeron özü həm dramaturq, həm şair, həm də kinomatoqrafçı kimi məşhurlaşmışdır. O, Hollivud rejissoru Martin Skorsezenin arvadı olmaqla bərabər, həm də onun bir çox filmlərində asistent kimi iştirak etmişdir. Musiqiçi və bəstəkar Emma Layvli ilə birgə həm böyüklərin, həm də uşaqların öz yaradıcılıq imkanlarını reallaşdırmağa kömək məqsədi ilə “Başlamaq üçün ən yaxşı zaman” kitabını yazmışdır.
Bu da həmin kitabdan bəzi fraqmentlər:

***
Səhər çağı yazılan sətirlər

Səhər yuxudan oyanan kimi ilk etməli olduğunuz mətn yazmağa başlamaqdır. Bu, şüurlu şəkildə, üç vərəq həcmində yazacağınız əlyazma olmalıdır. Onu “şəxsi gündəlik” adlandıra bilərsiz. Bu anda içinizdəki skeptik oyana, bunun heç bir mənası olmadığını və sizin ağlınıza yazmaq üçün heç nə gəlmədiyini deyə bilər. Sizdən məhz səhər yeməyi zamanı ürəyinizi boşaltmaq tələb olunmur, bunu səhərin istənilən saatında edə bilərsiz. Məzmun olduqca bayağı ola bilər: “Mən pişiklər üçün yemək almağı unutdum. Rəngli saçlar üçün aldığım şampunun qoxusu yaxşı deyil. Qonşuya zəng etmək və qardaşımgilə qonaq getmək lazımdır”. Ağlınıza gələnləri hər gün yazın.

пятница, 19 января 2018 г.

Aleksandr Kuprin "Yuxular"

Rus yazıçısı və tərcüməçi Aleksandr İvanoviç Kuprin 1870-ci ildə məmur ailəsində anadan olmuşdur. Onun anası qədim tatar əsilzadəsi, knyaz Kulunçakovun qızı idi. Atasını bir yaşında itirən Kuprinin ailəsi yoxsul vəziyyətə düşmüş, dolanışığın mümkünsüz olduğunu görən anası balaca Aleksandrı Razumovski yetimlər evinə yerləşdirmişdi. Gələcək yazıçı məhrumiyyətlər və rəhmsizlik, qəddarlıq və biganəlik arasında böyümüşdür. O, anasına hədsiz pərəstiş edir, onun yoxsulluğuna dözə bilmir, utanır, əzab çəkirdi. Kuprin yazıçılıq istedadının anasından gəldiyini hər zaman qeyd etmişdir. Ana nənəsindən hələ uşaqkən eşitdiyi əfsanələr, sehrli nağıllar və tarixi əhvalatlar isə onun Şərq mövzusunda, hər yerdə ədalət simasında çıxış edən, hər şeyi eşidən və görən Allahın  xofu olan əsərlər yazmasına rəvac vermişdir.

понедельник, 8 января 2018 г.

Sirr

Yağış pıçıltı kimi
yağır havaya,
sirr kimi gizlənir torpaqda.

Torpaqsa buludlara bənzəyir
udanda yağış damcılarını.
Hər zaman yerlər gizləyir
göylərin acılarını.

Bir azdan yağış heykəlinə dönür
zülmətə uzanan işıq.

среда, 20 декабря 2017 г.

Mixail Bulqakovun gizli vəsiyyəti

Mixail Bulqakov Yelena Bulqakova ilə
Yazıçı Mixail Bulqakov həyatının son günlərini xəstəliklə çarpışmışdır. Hələ danışa bildiyi günlərin birində arvadı Yelena Sergeyevnaya vəsiyyətnamə tərtib etmək istədiyini bildirir. Vəsiyyətnamədə bu cümlələr yazılmalı idi: “Master və Marqarita” romanı nəşr olunduqdan sonra müəllifə ayrılan qonorarın müəyyən faizi onun məzarı üstünə gəlib çiçək qoyacaq adama verilməlidir.

четверг, 2 ноября 2017 г.

Ceyms Coys - Evelin

Ceyms Coys
Evelin (hekayə)

Qız pəncərənin önündə əyləşərək qaranlığın küçəni bürüməsinə tamaşa edirdi. Başını pərdəyə söykəmişdi, burnunda isə toz qoxusu ilişib qalmışdı. O, yorğun idi.
Küçədən ötüb keçən az idi. Döngənin sonundakı evin sakini evinə daxil oldu: qadın onun başmaqlarının səkini döyəclədiyini eşitdi, sonra qırmızı binalar boyunca yolları tıqqıldatdı. Bir zamanlar həmin ərazi boşluq idi, onlar axşamlar uşaqlarla birgə oynayırdılar. Sonralar Belfastdan bir nəfər bu ərazini aldı və orada evlər tikdi, onlarınkı kimi kiçik, qaranlıq daxmalar yox, kərpicdən, qırmızı, parıldayan damları olan böyük evlər... Bütün yerli uşaqlar əvvəllər həmin boş ərazidə oynayırdı – Divaynlar, Uoterslər, Dannlar, balaca əlil Kyou, o özü, qardaşları, bacıları. Düzdür, Ernst oynamırdı: o, artıq böyük idi. Atası həmişə əlində tikanlı çubuq onların ardınca boş ərazi boyu qaçırdı, amma balaca Kyou ətrafa nəzər yetirməyə və atasını çağırmağa imkan tapırdı. Amma o vaxtlar həyat gözəl idi. Ata birtəhər dözürdü, bundan başqa anası sağ idi. Bu, lap çoxdan olub; indi o da, qardaşları da, bacıları da böyüyüb, anası ölüb. Tizzi Dann da ölüb, Uiterslər isə İngiltərəyə qayıdıblar. Hamı dəyişir. Bax, beləcə tezliklə o da başqaları kimi gedəcək, evi tərk edəcək.

суббота, 14 октября 2017 г.

Günəş adlı sonuncu qəhrəman - Xatirə Nurgül

Bəzən onu “öz nəğmələri ilə Sovet İmperiyasını silkələyən inqilabçı” adlandırırlar. Mahnılarındakı əzm, döyüşkən ruh dinləyicilərə bunları deməyə əsas verir. O, “Kino” qrupunun yaradıcısı və lideri, Sovet rok məktəbinin öncüllərindən olan, gözəl şeirlər və mahnılar müəllifi, bir neçə filmdə rol alan, Sovetin “Yenidənqurma” dövrünün gənclər arasındakı kumiri Viktor Tsoydur.
Elmi-texniki istiqamətli ziyalılardan ibarət ailənin – koreya əsilli mühəndis atanın və bədən tərbiyəsi müəlliməsi rus ananın yeganə övladı olan Viktor Tsoy 1962-ci ildə Leninqradda dünyaya göz açmışdır. Onun ata babası Tsoy Sın Dyun koreyalı idi. Yaradıcılığa hələ orta məktəb illərində “Palata 6” adlı rok qrupla başlayan Viktor, daha sonralar “Kino” qrupunu yaratmışdır. Gənclik illərində Mixail Boyarskinin və Vladimir Vısotskinin, o cümlədən idmançı Bryus Linin pərəstişkarı olmuşdur. Müğənninin imicinin formalaşmasında, əsasən Bryus Linin “izləri” açıq-aydın sezilir – özünü ona bənzətməyə çalışan V.Tsoy kunq-fu ilə də məşğul olmuş, hətta çəkildiyi "İqla” (“İynə”) adlı filmdə döyüş səhnələrini özü canlandırmışdır.